62 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirildi

Bakı, 14 iyun 2025-ci il – Xalid Quliyev adına 62 nömrəli məktəb-liseydə məzunlar üçün ənənəvi “Son zəng” tədbiri keçirilib. Tədbir məktəbin həyətində təşkil olunub və sevincli, eyni zamanda duyğulu anlarla yadda qalıb.
“Son zəng” – təkcə bir zəngin səsi deyil, bu, məktəb illərinin başa çatmasını bildirən, gənclərin böyük həyat yoluna qədəm qoyduğu simvolik bir gündür. Məzunlar bu əlamətdar gündə müəllimləri, valideynləri və məktəb kollektivi ilə son dəfə bir araya gələrək unudulmaz anlar yaşayıblar.
Tədbir çərçivəsində məzunların çıxışları, təşəkkür nitqləri, musiqili və ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Tədbirdə Birinci Qarabağ müharibəsinin şəhidi Xalid Quliyevin anası Aynişan Quliyeva, İkinci Qarabağ müharibəsinin qazisi Rafiq Rəhimli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, Nizami Rayon İcra Hakimiyyətinin rəsmiləri, məktəbin direktoru, pedaqoji heyət və valideynlər iştirak ediblər.
Çıxış edən qonaqlar məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb, onları savadlı, mədəni və məsuliyyətli vətəndaş kimi görmək istədiklərini bildiriblər.