Nizami rayonu 62 nömrəli məktəb-liseydə şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib
Nizami rayonun 62 nömrəli məktəb-liseyində şəhidlərin xatirəsinə ucaldılmış növbəti abidə kompleksinin və I Qarabağ müharibəsinin şəhidi, məktəbin adını daşıdığı Xalid Quliyevin yenilənmiş büstünün açılış mərasimi keçirilib.
62 nömrəli məktəb-liseyin məzunları olmuş Vətən müharibəsi şəhidləri - Əhədzadə Elsevər Ağacan oğlunun və Xəlili Samir Əhməd oğlunun xatirəsinə həsr olunmuş kompleks Nizami rayon İcra Hakimiyyəti və Missiya Media Qrupunun birgə dəstəyi ilə inşa edilib.
Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Nizami rayonu şəhidlərinin ailə üzvləri və yaxınları, İcra Hakimiyyətinin məsul şəxsləri, Bakı şəhər Təhsil İdarəsinin Layihələrin İnkişafı Sektorunun müdiri Günay Qurbanova, Missiya Media Qrupunun təmsilçiləri, YAP Nizami Rayon Təşkilatının "Sərdaroğulları” ilk ərazi partiya təşkilatının sədr müavini Xəyal Əhmədov, Türk Ağsaqqalları Birliyi - TAİB-in idarə heyətinin üzvləri və Nizami rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir, Azərbaycan bayrağının gətirilməsi, dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 62 nömrəli məktəb-liseyin direktoru Mətanət Cabbarlı abidəsi ucaldılan şəhidlərin ailə üzvlərini açılış üçün dəvət edib. Xatirə kompleksinin təntənəli açılışı zamanı həm şəhid ailələri, həm də qonaqlar kövrək və qürurlu anlar yaşayıb.
Övladlarının xatirəsini əbədiləşdirən təşkilatçılara minnətdarlıq edən şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Mərasimdə 62 nömrəli məktəb-liseyin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.