Azərbaycan mədəniyyəti
Mayın 30-u məktəbdə təcrübə keçən BDU-nin Filologiya fakültəsinin təcrübəçi tələbələrinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib.
Tədbirdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dosenti Rahilə Quliyeva və məktəbin Azərbaycan dili müəllimləri iştirak edib.
Çıxış edən aparıcılar bildirib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir.
Sonra “Ögey ana”, “Arşın mal alan” filmlərindən səhnəciklər, mədəniyyətimizin önəmli qollarından biri olan milli rəqslərimiz nümayiş olunub, qədim musiqi alətlərində şagirdlərin ifası tədbiri daha da maraqlı edib.
Sonda işğaldan azad olunmuş ərazilərimiz, o cümlədən Azərbaycanın dilbər guşələri və onların mədəniyyəti haqqında şagirdlərinin hazırladıqları təqdimatlar dinlənilib.