“Orqanlarımızı tanıyaq və qoruyaq!”
Mayın 22-si məktəbdə təcrübə keçən BDU-nin təcrübəçi tələbələrinin təşkilatçılığı ilə “Orqanlarımızı tanıyaq və qoruyaq!” adlı tədbir keçirilib.
Tədbirdə BDU-nin Biologiya elmləri namizədi dosent Nəzakət Hüseynova, Biologiya üzrə fəlsəfə doktoru Natəvan Baxşəliyeva, pedaqoq Mehin Quliyeva iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və vətən uğrunda döyüşlərdə canından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İlk olaraq şagirdlərə “Orqanlarımızın əhəmiyyəti və onların qorunma üsulları” haqqında məlumat verilib, daha sonra 8-ci sinif şagirdlərinin hazırladığı “Orqanlarımızın əhəmiyyəti” adlı səhnəcik, “Salam qidalanma”, “Zərərli vərdişlər”, biologiya elminin ve tibb sahəsinin inkişafının göstəricisi olan "Orqan nəqli" mövzusunda hazırlanmış videoçarx nümayiş olunub və şagirdlərin hazırladıqları təqdimatlar dinlənilib.
Tədbirin II hissəsində 8b, 8c və 8ç sinif şagirdlərindən ibarət komandalar arasında bilik yarışı təşkil olunub. Yarış 3 mərhələdən ibarət olub. İlk mərhələdə şagirdlərə 5 qapalı, II mərhələdə 5 açıq sual, III mərhələdə isə məsələlər təqdim olunub. Yarışın nəticələrinə əsasən 8c sinfinin komandası I yerə layiq görülərək diplom və medalla təltif edilib.
Sonda qonaqlarla tədbir iştirakçıları xatirə şəkli çəkdirib.