Uşaq hüquqları
“Uşaq hüquqları aylığı” çərçivəsində məktəbin UBTR-i Sevinc Əmiraslanova noyabrın 13-ü V siniflərlə “Uşaq Hüquqları Konvensiyası”, “Uşaq Hüquqları haqqında Azərbaycan respublikasının qanunu” və onun əhəmiyyəti mövzusunda dəyirmi masa keçirib.
Bildirib ki, hər bir sivil cəmiyyətin gələcək inkişafının sosial bazasını uşaqlar təşkil edir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq haqlarının qorunmasına xüsusi önəm verilir. Azərbaycan Respublikasının qanunlarına əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və onları tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Amma uşaqlar da öz hüquq və vəzifələrini bilməlidirlər. Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, faydalı işlərlə məşğul olmaq hər bir uşağın borcudur.
Sonda şagirdlərin maraqlı təklifləri dinlənilib və onları maraqlandıran suallara ətraflı cavablar verilib.