Qubadlı şəhəri günü
Bu gün 25 oktyabr 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biri hesab edilən Qubadlının azad olunduğu gündür.
Məktəbin 5b sinfinin sinif rəhbəri Fatma Süleymanova şagirdləri ilə birgə Qubadlı şəhəri gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə çıxış edən Fatma müəllimə bildirib ki, Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri olub. Qubadlı erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb və nəhayət Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən üç il ötür.
Daha sonra şagirdlər şeirlər səsləndirib, Qubadlı uğrunda döyüşlərdə şəhid olan hərbiçilərimiz haqqında hazırladığı təqdimatları nümayiş etdiriblər.
Tədbirdə Fatma müəllimənin atası əslən Qubadlıdan olan I Qarabağ müharibəsinin şəhidi Nağı Həsənov böyük hörmət və ehtiramla yad olunub. Onun haqqında şagirdlərin hazırladığı məlumatlar dinlənilib.
Sonda çıxış edən məktəb direktoru Tünzalə Zeynalova hazırda Qubadlı şəhərində aparılan abadlıq-quruculuq işlərindən danışaraq Qubadlının yaxın gələcəkdə ölkəmizin ən inkişaf etmiş rayonlarından biri olacağına inandığını bildirib.