Məktəb Heyəti Özbəkistan Səfirliyində
Dekabrın 13-də OCEP layihəsi çərçivəsində məktəbin direktoru Tünzalə Zeynalova, layihə üzrə məsul şəxs Lalə Qasımova, ingilis dili müəllimi Kəmalə Seyidova, coğrafiya müəllimi Sevda Əliyeva və təsviri incəsənət müəllimi Aygün Mehdiyeva əməkdaşlığın təşkil olunması və görüləcək işlərlə bağlı Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyində oldular.
Məktəbin bir qrup kollektiv üzvünü yüksək qonaqpərvərliklə qəbul edən Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinin müşaviri Mahammadcon Botraliyev, Səfirliyin əməkdaşları Otobek Ramazonov və Şahidə Mehdiyeva ilə aparılan görüş zamanı iki ölkə arasında olan dostluq əlaqələri, ortaq dəyərlər, mədəniyyəti, tarixi, coğrafiyası, etnoqrafiyası və layihənin mahiyyəti haqqında maraqlı müzakirələr aparıldı.
Çay süfrəsi ətrafında müşavir OCEP layihəsi çərçivəsində görüləcək işləri müsbət qiymətləndirərək bu və ya digər dəstəyin Səfirlik tərəfindən göstəriləcəyini bildirdi.
İdeya olaraq əlavə etdi ki, hər iki dövlətin şagird və müəllim heyətinin qarşılıqlı səfərlərini də eyni zamanda təmin etmək olar.
Sonda simvolik olaraq 53 nömrəli tam orta məktəbin kollektivi adından Səfirliyə hədiyyə təqdim olundu və xatirə şəkli çəkildi.