Ümumdünya Uşaq Hüquqları Günü
Noyabrın 18 də məktəbin bir qrup şagird, müəllim və valideyn heyəti BDU-nin hüquq fakültəsinin hazırladığı "Ümumdünya Uşaq Hüquqları Günü"-nə həsr edilmiş tədbirdə iştirak etdilər.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, Komitənin Uşaq Səfirləri Məclisinin üzvləri, 53 nömrəli tam orta məktəbin şagirdləri, müəllimləri və valideynləri iştirak etdilər. Tədbiri çıxış nitqi ilə açan hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycanda uşaq siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verdiyini bildirmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı qısa müddət ərzində azad etməsindən, Qarabağda gedən böyük quruculuq işlərindən danışan Zaur Əliyev uşaqların qalib dövlətin xoşbəxt övladları olduqlarını vurğulamışdır.
Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri professor Məhəbbət Dəmirçiyeva ailədə uşaqların tərbiyəsindən, tərbiyənin formalaşmağında valideynlərin rolundan bəhs etmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova dövlət uşaq siyasətindən, çalışdığı Komitənin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyətdən bəhs etmişdir.
Sonra çıxış üçün söz 53 nömrəli məktəbin şagirdlərinə verildi. Şagirdlər əvvəlcədən hazırladıqları şeirləri səsləndirdilər, vətənpərvərlik mövsuzunda çıxışlar etdilər.Daha sonra uşaqlar fakültə ilə tanış olaraq gələcəkdə hüquq fakültəsinin tələbəsi olmaq istəklərini də bildirdilər.