Zəfərimiz əbədidir

Noyabrın 4-də məktəbdə Zəfər Gününə həsr olunan "Zəfərimiz əbədidir" adlı ədəbi bədii tədbir keçirilib.

Tədbirdə şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi şəhidi Nurlan  Mustafayevin anası Rahilə Ramazanova, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi İman və Bəhram Mustafazadələrin atası Elman Nəcəfov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Sənan Abdullayevin atası Şahin Abdullayev, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Vüqar Nəcəfovun atası Aydın Nəcəfov, baş leytenant Hüseyn Nəcəfovun anası Könül Nəcəfova, I Qarabağ müharibəsinin şəhidi Rövşən Əliyevin anası Şəfiqə Əliyeva, Yasamal Rayonu İcra Hakimiyyətinin əməkdaşı Emin Babayev, Milli Məclisin V, VI çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman  Nəsirov, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbirdə çıxış edənlər sentyabrın 27-dən başlayaraq 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrilməsindən, Azərbaycan xalqının öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən, bütün dünyaya "Dəmir yumruq" əməliyyatının gücündən bəhs edərək xalqımızı Zəfər Günü münasibətilə təbrik etdilər.

Şagirdlərin Yefim Abramov və Leyla Bəyimin  "Xəyalpərvər oğlanlar" pyesi əsasında hazırladıqları səhnə tədbir iştirakçıları tərəfindən yüksək rəğbətlə qarşılandı.

Daha sonra rəqslər, mahnılar və qələbəmizə  həsr olunan videoçarxlar nümayiş olundu.

Tədbirdə çıxış edən Vətən Müharibəsinin qaziləri şagirdlərə öz həyat hekayələrindən danışaraq şəhidlərimizi rəhmətlə andılar.

Şəhid ailələri isə tədbirin təşkilatçılarına təşəkkür etdilər.

Sonda Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi şəhidi Nurlan Mustafayevin anası Rəhilə xanım şəhidimizə həsr etdiyi kitabı 53 nömrəli tam orta məktəbin kitabxanasına hədiyyə etdi.

Bizə qələbə sevinci yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyirik!
Zəfərin mübarək, Azərbaycan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi