XOŞBƏXTƏM Kİ,ATA NƏSİHƏTİNİ YERİNƏ YETİRDİM.
2020-ci il dünya xalqlarının tarixində müxtəlif və gözlənilməz hadisələrlə yadda qaldı. Azərbaycan xalqı üçünsə 2020 tarixi ədalətin bərpa olunduğu zəfər ili, qələbə ili kimi yaddaşlara köçərək əbədilik qazandı.
2003-cü ilin oktyabr aynda Prezident seçkiləri ərəfəsində xalqa müraciətində bir daha Heydər Əliyevin uzaqgörən siyasətinin növbəti nümunəsinin şahidi olduq:
“Əziz həmvətənlər, hörmətli Azərbaycan xalqı!
Üzümü Sizə- həmvətənlilərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində Prezidentliyə namizəd, Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək. Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görə-cəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm “....
Ulu Öndərin xalqa bu müraciətindən 17 il ötür. ”Ona özüm qədər inanıram”, - deyərək ölkənin taleyüklü məsələlərini İlham Əliyevə etibar etməklə Heydər Əliyevin yanılmadığını tarix bir daha subut etdi.
Heydər Əliyev müraciətində vurğuladığı kimi, dünya siyasətini gözəl bilən İlham Əliyevin rəhbərliyi altında 2016-cı ilin aprel döyüşlərində Cocuq Mərcanlının alınması ilə təməli qoyulan “Böyük qayıdışın başlanğıcı“ 10 noyabr 2020-ci il tarixli bəyanatla - Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. İşğal altında olan torpaqlar Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyəti nəticəsində Ermənistanın silahlı qüvvələrindən azad edildi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün, işğal altında olan torpaqlarımızın düşmən tapdağından xilas olması üçün qətiyyətlə döyüşdülər. “Vətən naminə!” deyərək Vətənin ərazi bütövlüyünü bərpa etmək üçün canlarından keçən, şəhidlik zirvəsinə yüksələnlər öz adlarını xalqın yaddaşına əbədilik həkk etdi. Azərbaycanın əzəli torpaqları geri alındı və ərazi bütövlüyü bərpa edildi: Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı,Şuşa, Ağdam, Laçın, Kəlbəcər... Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın vuran ürəyi olan Şuşa şəhəri haqqında danışan Ümumilli lider Heydər Əliyev onun Azərbaycan üçün əhəmiyyətini yüksək qiymətləndirmiş və “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” demişdir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndərin vəsiyyətini sədaqətlə yerinə yetirdi, Şuşanı azadlığa qovuşdurdu, əzəli sahibinə qaytardı. Şuşanın azad olunması həm mədəniyyətimizin, həm incəsənətimizin azad olunması deməkdir. Mədəniyyət beşiyi olan Şuşada Pənahəli xanın sarayı, Gövhər ağa məscidi, Şuşa qalası kimi abidələr və müzeylər ziyan görsə də, surətlə bərpa işləri aparılacaq və həyat yenidən öz axarına qayıdacaq.
Şuşanın və ümumiyyətlə, Qarabağın azad edilməsi hər bir azərbaycanlının ruhunu təzələdi, yaralara məlhəm oldu, qırılan ümidlərə çıraq yandırdı.Şuşa şəhərinin işğaldan azad olunma xəbərinin xalqa çatdırılması zamanı biz güclü lider, intellektli şəxsiyyət, dünya siyasətini dərindən bilən dövlət xadimi, ”Dəmir yumruq” əməliyyatının qalib fatehi, xalqı ilə bir olan ölkə başçısı və mental dəyərlərə söykənən Azərbaycan oğlunun nümunəsini gördük. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Fəxrı Xiyabanda Ulu Öndərin abidəsi qarşısında təkcə Prezident və komandan kimi xalqa müraciət etmədi, həm də oğul kimi atasına hesabat verdi:
“ Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim:
- Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik. Bu, böyük qələbədir. Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır”...
Bəli, bu, böyük etimadın, inamın, Vətənin layiqli sərkərdəyə etibar edilməsinin təsdiqi idi.
Bu gün fəxrlə deyirik ki, Azərbaycan dövlətini, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən XXI əsrin sərkərdəsi İlham Əliyev xalqımızın tarıxındə silinməz şanlı zəfər yazdı.
XV əsrin türk dünyasının fatehi II Mehmet minillik bir imperiyanı diz çökdürərək bu adı qazandısa, Cənab İlham Əliyev XXI əsrin fatehi kimi torpağımızın, qürurumuzun xilaskarı kimi adını qızıl hərflərlə yazdı.
Müstəqilliyin əbədi olsun,Azərbaycan!
Qarabağ Azərbaycandır!