"UŞAQLARIN CİNSİ İSTİSMAR VƏ CİNSİ SUİ-İSTİFADƏDƏN MÜDAFİƏ OLUNMASI" TƏLİMİ
07.11.2019-cu il tarixində 53 №li tam orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin birgə təşkilatçılığı ilə məktəbin 8E sinif şagirdlərinə hər il ölkəmizdə 20 oktyabr-20 noyabr "UŞAQ HÜQUQLARI AYLIĞI" çərçivəsində "Uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiə olunması" mövzusunda təlim keçirildi. Təlimdə Məktəb "Kiçik Akademiya"nın prezidenti, tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin "Könüllülər üzrə məsul şəxsi" Ələsgər Əhmədov və təlimçi qismində MKA-nın İdarə Heyətinin sədri, MKA Ali Şurasının Fəxri üzvü, "Uşaq Hüquqlarının pilləli tədrisi" üzrə trener, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin məzun könüllüsü, Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci kurs tələbəsi, həmin universitetdə fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin Maliyyə və mühasibat Fakültəsi üzrə sədri Orxan Vəliyev iştirak etdi. Təlimi giriş sözü ilə Lalə Nəsirova açaraq belə bir təlimin 53 №li tam orta məktəbdə təşkil edilməsi və MKA ilə əməkdaşlıq etdikləri üçün 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin heyətinə, şəxsən Ələsgər Əhmədova; Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə şəxsən Ədalət Muradova və həmin universitetdə fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin rəhbərliyinə, şəxsən Adnan Nəcəfova böyük təşəkkürlərini elan etdi. Təlimçi Orxan Vəliyev şagirdlərə təlimin mövzularına uyğun olaraq Hüquq, Vəzifə, Qanun, Konstitutsiya, Uşaq hüquqları, Konvensiya, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili, Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumat verərək ilkin və əsas anlayışların təşkilini təmin etdi. İnteraktiv təlimdə şagirlərlə fəal sorğu aparıldı. Sonda 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin "Könüllülər üzrə məsul şəxsi" Ələsgər Əhmədov çıxış edərək 53 №li tam orta məktəbin və Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə təşəkkürünü bildirdi və belə təlimlərin vacibliyindən söz açaraq qeyd edilən Təhsil müəssisələri və həmin müəssisələrdə fəaliyyət göstərən təşkilatlarla birgə fəaliyyət istiqamətində görüləcək işlərin davamlı olacağını bildirdi. Təlimdə fəal iştirak etmiş 5 şagird "Şəhadətnamə"lərlə təltif edildi. Şagirdlər təlimdən yüksək təəssüratla ayrıldılar.