Şəhid Oruc Vəliyevin doğum günü qeyd edilib

Bu gün məktəbimizdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan   şəhid Oruc Vəliyevin doğum günü qeyd edilib. Oruc Vəliyev 1994-cü il iyulun 13-də Gəncə şəhərində anadan olub. 
Azərbaycan Ordusunun əsgəri olan Oruc Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Oruc Vəliyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 18.12.2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı və Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. . 
Dövlət himninin oxunması və vətənimizin azadlığı, ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak ediblər. Anım mərasimində şagirdlər tarix yazaraq şəhidlik zirvəsinə ucalmış vətən oğlunun xatirəsinə həsr edilmiş tədbirlə çıxış ediblər. Mərasimdə çıxış edən şagirdlər 29 yaşı tamam olan şəhid Oruc Vəliyevin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.