Padlet üzərindən keçirilən onlayn müsabiqə

Azərbaycan xalqının eləcə də bütün türk xalqlarının çox qədim zamanlarda yaratdığı, milli yaddaşa yüksək mənəvi-əxlaqi dəyərlər toplumu kimi daxil olan böyük bayramlardan biri Novruz bayramıdır.
Mənəvi-əxlaqi dəyərlərimizin aynası olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanmasının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir. Ənənəni davam etdirmək məqsədilə məktəbimiz OCEP layihəsi üzrə qardaşlaşdığımız Qazaxıstan dövlətinin Nazarbayev məktəbi ilə birgə veb 2 aləti olan Padlet üzərindən onlayn müsabiqə keçirildi. Beş nominasiyadan ibarət olan (Novruz adətləri, Novruz şirniyyatları, Novruz səmənisi, Novruz tonqalı və yumurta festivalı) təşkil edilən yarışmaya həm məktəbimizin, həm də qardaşlaşdığımız Nazarbayev məktəbinin şagirdləri gözəl əl işləri ilə qatılmışdır. Bütün nominasiyalarda şagirdlər Novruz adətlərini, Novruz abu-havasını sərgiləyərək həqiqi dostluq və qardaşlıq nümunəsi ortaya çıxarmışlar. Müsabiqənin nəticəsi isə 30.03.2023-cü il tarixində keçirilən telekörpü vasitəsilə hər iki tərəfin şagird və müəllim heyətinə elan edildi.