Şəhidlər ölməz, Vətən bölünməz!

Məktəb rəhbərliyi və bir qrup müəllimlər İkinci Fəxri xiyabanı ziyarət ediblər. Bu ziyarət hər birimizin mənəvi borcudur, çünki 1000 nəfərlik bir məktəb olaraq Vətən torpağına 5 şəhid övlad əmanət etmişik. Şəhid məfhumunun nə qədər müqəddəs və bir o qədər də şərəfli bir məqam olduğunu biz bir xalq olaraq uzun illərdən bəri bilmişik. Çünki doğma yurdumuzun mərd, qorxmaz, igid, şücaətli, cəsarətli, ləyaqətli, qətiyyətli və Vətən adını öz varlığından uca tutan bir xalqın nümayəndəsiyik biz. Vətən uğrunda son nəfəsinə qədər vuruşan, canını fəda etməkdən bir an belə çəkinməyən oğullar diyarıdır ölkəmiz. Onların qəhrəmanlığı sayəsində hər qarışında ayrı bir xatirə yatır bu torpağın. Azərbaycan əsgəri istər I Qarabağ , istərsə də II Qarabağ müharibəsində elə böyük bir vətənpərvərlik nümayiş etdirmişdir ki, dünya ictimaiyyəti də bu bənzərsiz mənzərənin qarşısında heyranlığını gizləyə bilməmişdir. Hələ də əcnəbi Kütləvi İnformasiya Vasitələri ilə yayılan xəbərlərdə, məqalələrdə dünyanın heç bir yerində bu qədər yurd, torpaq sevgisi olmadığı böyük təəccüb hissi ilə vurğulanır. Biz dil açanda ilk dəfə ana deyirik və hər zaman ana və Vətən anlayışı bir arada səslənir, əgər analarımız bizə həyat bəxş edirsə, Vətən də öz növbəsində bizə qucaq açır, bizi bəsləyir, böyüdür. Yəni Vətən anadır ifadəsi boşuna deyilmir. Yurd sevgisinin yaranmasının, milli vətənpərvərlik ruhumuzun bəsləndiyi ən coşğun qaynaq isə ədəbiyyatımızdır. Vətən eşqi məktəbində can verməyi öyrənmişik! Ustadımız deyir heçdir, Vətənsiz can Azərbaycan! Şəhidlik zirvəsinin əzəmətini dərk etmək elə fəxarət dolu bir duyğudur ki, bütün Azərbaycan xalqı hələ min illər boyu bu zirvənin ululuğundan güc alacaq. Bir vətəndaş kimi hər birimizin mənəvi borcudur ki, Şəhidlərimizi unutdurmayaq. Bu gün firavan bir ölkədə xoşbəxt həyat sürürüksə bunu torpaq uğrunda əbədi yumulmuş gözlərə, oğul xitabı səslənməyən ocaqlara, ata deyilməyən evlərə, bir ömür bu həsrət dolu şərəflə yaşayacaq olan analara borcluyuq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi