Məktəbin məzunu Vətən müharibəsi Şəhidi Oruc Vəliyevin ildönümü ilə bağlı tədbir
Məktəbin Uşaq Birliyi Rəhbəri Şəfaqət Qələndərova tərəfindən Murovdağ silsiləsi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərərək qəhrəmancasına şəhid olmuş məktəbin məzunu Oruc Vəliyevin şəhadətə qovuşmasının ildönümü ilə bağlı anım günü tədbiri təşkil olundu. Tədbirdə məktəb rəhbərliyi ,Oruc Vəliyevin ailə üzvləri, yaxınları və sinif yoldaşları iştirak etdilər. Şagirdlərin təqdim etdikləri ədəbi-bədii kompozisiyaların nümayişindən sonra söz məktəbin direktoru Gülnarə Cəfərovaya, hər birimizin qürurla andığımız Vətənin azadlığı yolunda gənc ömrünü qurban verən Oruc Vəliyevin valideynləri, məktəbdə təhsil aldığı müddətdə sinif rəhbəri olmuş fizika müəllimi Sima Bağırova və onun sinif yoldaşlarına verildi. Hər kəs böyük kədər eyni zamanda da sonsuz qürur hissi ilə Orucla olan xatirələrini dilə gətirdi. Onunla bağlı ürək sözlərini bölüşənlər Orucun necə vətənpərvər, xalqına, torpağına bağlı bir igid olduğunu hər kəsin nəzərinə çatdırdılar. Bu gün məktəbin bütün şagirdləri Orucun timsalında ölməz qəhrəmanlarımızın hər birini özlərinə nümunə götürürlər. Bütün məktəb kollektivi adından ölməz şəhidimiz, hər birimizin qürur yeri olan Oruc Vəliyevə Allahdan rəhmət, ailə üzvləri və yaxınlarına səbir diləyirik.