“Keyfiyyətə nəzarət layihəsi” nin onlayn təqdimatı keçirildi.
“Keyfiyyətə nəzarət layihəsi” nin onlayn təqdimatı keçirildi. Bu gün artıq məktəblərdə bütün müəllimlər hazırlanmış distant cədvələ uyğun ardıcıl dərslərini keçir, şagirdlərin də sayı günbəgün artır. Əgər bir neçə ay əvvəl hər bir məktəb rəhbərini kəmiyyət, yəni daha çox müəllim və şagirdin virtual dərslərə qoşulması maraqlandırırdısa, bu gün həm də dərslərin keyfiyyəti, yəni interaktiv şəkildə təşkil olunması diqqət mərkəzindədir. Bunları nəzərə alaraq 36, 177 və 298 nömrəli məktəblər əməkdaşlıq çərçivəsində yeni bir layihəyə start vermişdir. Layihənin məqsədi məktəb üzrə seçilmiş mentor müəllimlər tərəfindən digər həmkarların “Virtual məktəb” platformasına inteqrasiya olunmuş alətlərdən istifadə və onlayn dərslərdə interaktivliyin təmin olunmasına dəstək olmaqdır. Layihənin həyata keçirilməsi 3 mərhələli planlaşdırılır. 1.Təlimlər 2. Monitorinq 3. Tətbiqetmə və qiymətləndirmə Birinci mərhələdə müəllimlərə hazırlanmış proqram çərçivəsində Microsoft Teamsda maraqlı və interaktiv dərslərin qurulması üçün lazımi bacarıqlar öyrədiləcək. Təlimlərdə əsas üç istiqamət nəzərdə tutulmuşdur. 1.Microsoft Teamsda sadə texniki vərdişlərin öyrədilməsi 2.Platformada inteqrasiya olunmuş alətlərdən istifadə və dərslərin interaktivliyinin təmin olunması üçün gündəlik tələbata uyğun tətbiqlərin öyrədilməsi 3.Microsoft Teams proqramında qiymətləndirmə vasitələrinin hazırlanması və tətbiqi İkinci mərhələdə seçilmiş mentor müəllimlər keçirilmiş təlimlərin dərslərdə tətbiqini mentoru olduqları müəllimlərin dərslərini qarşılıqlı dinləmək, hesabatlılıgını tələb etməklə müəyyənləşdirəcəklər. Üçüncü mərhələdə isə uğurlu tətbiqetmənin yoxlanılması üçün açıq dərslər, yarışmalar təşkil olunacaq və fərqlənən müəllimlər təltif olunacaqdır. 05 .01.2021-ci il tarixində 36,177 və 298 nömrəli məktəblərin rəhbərləri və seçilmiş mentor müəllimlərlə birlikdə keçirilməsi iki ay nəzərdə tutulmuş layihənin təqdimatı oldu. Məktəb rəhbərləri çıxış edərək layihənin məqsədi və icrası ilə bağlı fikirlərini bölüşdülər. Müəllimlər də öz növbəsində layihəyə böyük maraq göstərdilər və dəstək olduqlarını bildirdilər.