Vətən müharibəsinin iştirakçısı olan fəxri məzunumuz- Qocayev İsmayıl
36 nömrəli məktəbin yetirməsi Qocayev İsmayıl Nəbi oğlu 13 dekabr 1996-cı ildə Bakı şəhərində dünyaya göz açmışdır. 2002-ci ilin sentyabrında 1-ci sinfə getmiş, 10-cu sinfə qədər orta təhsilini davam etdirdikdən sonra 2013-cü ildə Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin "Yol hərəkətinin təşkili" fakültəsinə daxil olmuş, 2017-ci ildə isə həmin kolleci uğurla bitirmişdir. Həmin ilin iyul ayının 5-də həqiqi hərbi xidmətə çağrılmış, Goranboy rayonunda yerləşən N saylı Hərbi hissəyə yollanmış, kiçik çavuş- manqa komandiri olaraq xidmətə başlamış, 2019-cu ilin yanvar ayında isə tərxis olunmuşdur. 2020-ci il sentyabr ayında başlayan, hər bir həmvətənimizin qürur duyduğu o şanlı Vətən müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə çağırılan Qocayev İsmayıl da böyük şövqlə Vətənin dadına çatmış və doğma yurdumuzu yağı düşməndən müdafiə edərkən, bu şərəfli məqamlarda sinəsini doğma yurda sipər etməkdən bir an belə olsa çəkməmişdir. Bu gün məktəbin rəhbərliyinin və pedaqoji kollektivin qürur duyduğu İsmayıl artıq ailəsinin yanındadır, sağ-salamatdır, İgid əsgərimizi təbrik edirik, bildiririk ki, İsmayıl məktəbin Kimya müəllimi- Qocayeva Qətibə müəllimənin övladıdır, bir ana kimi onu da ürəkdən təbrik edir, belə mərd oğul böyütdüyü üçün ona dərin minnətdarlığımızı bildiririk. Tanrıdan Şəhidlik zirvəsinə ucalmış bütün hərbçilərimizə rəhmət, qazilərimizə şəfa, hazırda səngərdə xidmət edən isə qüvvət diləyirik. Qarabağ Azərbaycandır! Onu da qeyd etmek istəyirik ki, əgər 36 nömrəli tam orta məktəbin məzunlarından Vətən müharibəsində iştirak etmiş doğmalarınız, yaxınlarınız, tanışlarınız varsa, səhifəmizə yazaraq məlumat verməyinizi xahiş edirik. Məktəb olaraq şagirdlərimizin şərəfli döyüş yolunu bütün ictimaiyyətə çatdırmaqdan məmnunluq hissi keçirərik.
https://www.facebook.com/N%C9%99rimanov-rayonu-Novruzov-qarda%C5%9Flar%C4%B1-ad%C4%B1na-36-n%C3%B6mr%C9%99li-tam-orta-m%C9%99kt%C9%99b-338328096560954/