Tarixdə əbədiləşən şəhid qardaşlar: İman və Bəhrəm Məmmədzadələr

Tarixdə əbədiləşən şəhid qardaşlar: İman və Bəhrəm Məmmədzadələr
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq toxumu əkdi şəhidlər...
Məktəbdə ingilis dili fənnini tədris edən Könül Həsənovanın rəhbərliyi ilə “VI b” sinif şagirdləri ilə birgə 44 günlük Vətən müharibəsində şəhid olmuş İman və Bəhrəm Məmmədzadə qardaşlarının evinə ziyarət olunub.
Vətən müharibəsinin ilk günlərində cəbhəyə bərabər yollanan, çiyin-çiyinə döyüşən, eyni gündə, eyni saatda qəhrəmancasına şəhid olan 22 yaşlı İman və 20 yaşlı Bəhram Məmmədovlar adlarını Azərbaycanın döyüş tarixinə şərəflə yazdırıblar. Eyni zamanda bir ailədən eyni gündə iki şəhid, iki qardaşın eyni gündə bu savaşda qurban getməsi sarsıdıcı müharibə dramlarından biri kimi uzun müddət yaddaşlarımızdan silinməyib. Məğrur duruşu ilə "Allah rəhmət eləsin" fikrimizi başını dik tutaraq "Vətən sağ olsun!" cümləsi ilə tamamlayan şəhid qardaşların atasından şəhidlərimizin həyat və fəaliyyəti haqqında Könül Həsənova onların atasından məlumat alıb.
Onların atası Elman bəy bildirib ki, "Böyük oğlum İman 14 sentyabr 1998-ci il tarixdə, kiçik oğlum Bəhrəm isə 18 aprel 2000-ci il aprel ayının 18-də Lerik rayonunda anadan olublar. Orta təhsillərini Xəzər rayonu Binə qəsəbəsindəki 117 nömrəli məktəbdə alıblar. Hər ikisi ali təhsilini Rusiyada alıb. Hər ikisi həddindən artıq vətənpərvər idi, qürbətdə ölkəmizi layiqincə təmsil etməyi də bacarıblar. Uşaq yaşlarından ikisi də idmana maraq göstəriblər. İman ağır atletika, Bəhrəm isə cüdo ilə məşğul olub. Hər ikisi dəfələrlə medal və diplomlarla təltif olunublar, Bəhrəm iştirak etdiyi beynəlxalq cüdo yarışının finalında erməni rəqibini məğlub edərək birinci yeri tutub. Onun qələbəsi naminə üçrəngli bayrağımız ucaldılıb. Ali təhsillərini başa vurduqdan sonra onlar ötən il iyunun 5-də Vətənə qayıdıblar. Hərbi xidmətə yola düşüblər. İyulun 29-da hərbi xidmətə yollanan qardaşlar burada dostlar qazanmışlar. Onların dostları indi də bizi unutmurlar, tez-tez ziyarətə gəlirlər. Vətən müharibəsində mənim oğullarım da iştirak etdilər. İman və Bəhrəmin timsalında bütün şəhidlərlə fəxr edirəm. Demək istəyirəm ki, milli ləyaqətimiz məhz qəhrəman oğulların sayəsində mövcud olur. Qürurlanırıq ki, övladlarımız şəhidlik zirvəsinə yüksəliblər. Oğullarım əkiz olmasalar da, bir-birilə nəfəs alırdılar. Onları ölüm də ayıra bilmədi”.
Məktəb rəhbərliyi olaraq valideynlərə Vətən üçün belə qəhrəman oğullar yetişdirdikləri üçün minnətdarlığını bildiririk!. "Vətən uğrunda canını qurban vermək çox böyük fədakarlıq tələb edir ki, öz canları ilə xalqın firavanlığını təmin edən oğullarımıza hər zaman borcluyuq. Onların xatirəsinə yüksək ehtiram göstərir, keçdikləri həyat yolunu dərindən öyrənməli, gələcək nəslə qəhrəmanlıq nümunəsi olaraq təqdim edirik. Hər bir azərbaycanlının qəlbindəki Qarabağ həsrətinin sonlanmasında şəhidlərimiz öz canlarından keçdilər. Bizim bir vətəndaş olaraq üzərimizə düşən əsas vəzifə sizləri ziyarət etmək, şəhidlərin ruhlarını ehtiramla yad etmək və xalqımıza qəhrəman oğullarımızı tanıtmaqdır".