Nizami Gəncəvinin 880 illiyi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il klassik Azərbaycan şairi “Nizami Gəncəvi ili” elan edilib. Təsdiq olunmuş tədbirlər planına əsasən məktəbdə 29 dekabr tarixində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Dünyamızda Nizami” adlı ədəbi-musiqili gecə keçirilib. Tədbir məktəbin tərbiyə işləri üzrə direktor müavini Nərmin İbrahimli, Azərbaycan dili və ədəbiyyat müəllimləri Sevil Əlizadə, Firayyə Kərimova, Toqət Məmmədovanın birgə təşkilatçılığı ilə gerçəkləşib.
Öncə Dövlət Himni səsləndirilib və Vətən şəhidlərinin əziz xatirəsi bir bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə məktəbin Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Sevil Əlizadə açaraq, Nizami Gəncəvinin zəngin yaradıcılığı, onun bəşər ədəbiyyatına misilsiz töhfəsi haqqında məlumat verib. Sevil Əlizadə bütün həyatını Azərbaycanın yalnız bir şəhərində, Gəncədə yaşamış Nizaminin bir neçə dildə sərbəst danışdığını, əsərlərində dövrünün ən qabaqcıl ideyalardan olan qadın hüquqları, bərabərlik, ədalət, sülhü təbliğ etdiyini qonaqların diqqətinə çatdırıb.
Tədbir zamanı əsərlərində sülh, ədalət, humanizm, yüksək əxlaq, azadlıq və bərabərlik kimi dəyərləri təbliğ etmiş dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemaların motivləri əsasında səhnəciklər təqdim olunub.
Şagirdlər dahi Nizaminin “İsgəndərnamə” əsərindən parçalar ifa ediblər. “İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi” səhnəsi xüsusi maraqla qarşılanıb.
Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev tədbirdə iştirak edən iştirakçıları salamlayaraq, Nizami Gəncəvinin Yaxın və Orta Şərq bədii-estetik fikir tarixində nadir şəxsiyyətlərdən olduğunu qeyd edib: “Nizami Gəncəvi yaradıcılığı istər yaşadığı dövrdə, istərsə də sonrakı zamanlarda filosof şair irsi kimi öyrənilib. Bu cür fəlsəfi düşüncə sahibləri, mütəfəkkirlər isə zaman və məkan fövqünə yüksələrək, bəşəri dəyərlərin təbliğində bütün dövrlərin müasiri olmaq qüdrətinə malikdirlər. Nizaminin yaradıcılığı hörmət və məhəbbətlə anılan kamillik zirvəsidir”. Rəhman Hacıyev qeyd etdi ki, dahi şairin yaradıcılığı min illər bundan sonra da oxucular üçün müasir olacaq: “Məhz buna görədir ki, dahi Azərbaycan şairini bəzi dövlətlər özününküləşdirməyə cəhd göstərirlər. Dahilər, mütəfəkkirlər bir xalqın yetişdirdiyi şəxsiyyətlərdir, amma onların yaradıcılığında təbliğ etdikləri ideyalar bütün dünya xalqlarına töhfələr verir”. Nizami Gəncəvinin 840 illiyi ilə bağlı qərar ilə Nizamişünaslıqda yeni inkişaf mərhələsi başlayıb. Prezident İlham Əliyev də Nizami dəyərlərinə yüksək qiymət verərək 2021-ci ili Nizami Gəncəvi İli elan edib. Ölkə başçısı bu sənədlə Nizami yaradıcılığının təbliği, haqqında çap olunmayan məqalələrin toplanması və yenidən çapı, bütövlükdə Nizamiyə həsr olunan silsilə tədbirlərin keçirilməsini nəzərdə tutub.
Sonda şagirdlərin təqdimatında Nizami Gəncəvinin həyat və yaradıcılığına dair çıxışlar təqdim edilib. Dahi şairin ibrətamiz qəzəllərindən seçilmiş nümunələr səsləndirildi, kiçik səhnəciklər və "Sevgili canan" romansının canlı xor ifaları ilə dinləyicilərin diqqətini cəlb edib. Onların ifasında səslənən şeirlər, rəqslər “Nizami Gəncəvinin 880 illik yubileyinə layiqli töhfə olub.