Qarabağ Azərbaycandır və Nida !

05 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbdə "Zəfər günü"nə həsr olunmuş bayram tədbiri keçirilib. Öncə Dövlət Himni səsləndirilib və Vətən şəhidlərinin əziz xatirəsi bir bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin adını daşıyan Bəhruz Sultanovun ailə üzvləri, Vətən Müharibəsində iştirak etmiş qazilər, şagirdlər və məktəb kollektivi iştirak ediblər. Giriş sözü ilə tədbiri açıq elan edən məktəbin tarix müəllimi Günay Həsənova Zəfər Gününü bizlərə bəxş edən Müzəffər Ali Baş Komandan Cənab İlham Heydər oğlu Əliyevə və Rəşadətli Azərbaycan Ordusuna, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizə, xəsarət almış qazilərimizə borclu olduğumuzu bildirib
44 günlük müharibəni əks etdirən “Müharibə Əsgərlərin gözü ilə” adlı videoçarxın nümayişinin ardından müharibə iştirakçıları öz döyüş yollarından yadda qalan bir az hüznlü eyni zamanda qürurlu xatirələrini şagirdlərlə bölüşüblər. Qəhrəman döyüşçülərimizin söhbətləri hər bir tədbir iştirakçısına qürurlu anlar yaşatdı.
Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev tədbirdə iştirak edən qaziləri və iştirakçıları salamlayaraq bildirib ki, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut edib. Azərbaycan tarixi torpaqlarına - Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda törədilən soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı. Bu qələbəni, zəfəri bizlərə yaşadan ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Sonda tədbirin bədii hissəsində şagirdlər musiqi, rəqs nömrələri və şeir nümunələri ilə çıxış etdilər. Onların ifasında səslənən şeirlər, rəqslər Zəfər gününə layiqli töhfə olub.