Bəlkə,dünyanı elə uşaqlar idarə etsinlər...

Ənvər Məmmədxanlının “Qızıl qönçələr “əsərini keçirdik.7Ç sinfinin bütün şagirdləri çox mütəssir idilər.Balaca Sürəyyanın acınacaqlı taleyi,qoca Firuzun əlacsız vəziyyəti və faciəli ölümü,Sürəyyanın buz heykələ dönməyi onları sarsıtmışdı.Düzü,illər uzunu tədris etdiyim bu hekayəyə belə içdən münasibət məni də kövrəltmişdi.Mən bu körpə balaların inciməyini istəmirdim...

--Uşaqlar, siz Sürəyyanın taleyinin dəyişilməyini istərdinizmi?

Bir ağızdan və sürəkli “bəli” sədası mənə güc verdi:

--Gəlin, hekayənin sonluğunu dəyişək, hər kəs öz süjetini qursun.Buradan başlayırıq—Firuz baba ölüb, Sürəyyanın ardınca gələn yoxdur, o, karxananın qapısı ağzında ölümə tərk edilib.Ardını davam edin.

Şagirdlər çox sevindilər və bu, bizim ev tapşırığımız oldu...Həmin çalışmalardan birini --7Ç sinif şagirdi Məhərrəmli Fatimənin işini Sizlərə təqdim edirik.

 

 Zil qaranlıq gecənin çırağı--ay onun solğun üzünü aydınladırdı.Qar dənəcikləri onu oxşayır, küləyin vıyıltısı sanki ona layla çalırdı.O yuxu görürdü.Bu yuxuda qəm, kədər, soyuq qış, rütubətli zirzəmi yox idi.Burada gül gülü,bülbül bülbülü çağırırdı.O da qaçıb-yüyürən, oynaşan dostları ilə oynamaq, atılıb-düşmək istəyirdi, fəqət ayağına ilişmiş qəribə otlar onu buraxmırdı.Buna baxmayaraq o xoşbəxt idi.Üz-gözünə toxunan xəfif meh ona ürəkdolusu sevinc bəxş edirdi. O, ömrü boyu belə sevinc yaşamamışdı...

Birdən qarın xışıltısı onu şirin yuxusundan oyatdı.Yavaşca gözlərini açdı.Qarşısın- da orta yaşlı bir kişi dayanmışdı.Geyimindən, üst-başından dövlətli olduğunu başa düşmək mümkün idi.

–Qızım, gecənin bu vaxtı soyuqda nə edirsən?

–Babamı gözləyirdim.Eləcə yuxulayıb yatmışam.

–Mən bayaqdan buradayam.Baban gələsi olsa idi, çoxdan gələrdi.Halın yaxşı deyil.Allah eləməsin,burada çox qalsan,sənə nə isə olar.

Kişi dediklərində haqlı idi.Sanki kirpiklərindən ağır yük asılmış, bədəni heykələ dönmüşdü.Bunlar, doğrudan da, xeyirə əlamət deyildi.Kişi soruşdu:

–Adın nədir?

–Sü-sü-Sürəyya.

Sözlər üşümüş dodaqlarından su kimi süzülürdü, saxlamaq istəyirdi, bacarmırdı... Düzəldə də bilmirdi, dodaqlarının gücü çatmırdı.

Kişi yenidən dilləndi:

–Sürəyya balam, gəl səni evimizə aparım.Sonra babanı da taparıq.Yeri gəlmişkən, mənim adım Abdulladır.

–Yox əmi, gələ bilmərəm.

Abdulla kişi bu dəfə daha qətiyyətlə cavab verdi:

–Xeyr, balam, gəlməlisən.Vicdanım icazə verməz ki, səni burada ölümə tərk edim.Dur, gəl.

Sürəyya başını qaldırıb Abdulla kişiyə baxdı.Ayın işığı onun gözlərində bərq vurdu.Zəif səslə dedi:

–Mən yeriyə bilmirəm.

Abdulla kişi daha da kədərləndi.İndi onu mütləq evə aparmalı idi.

Abdulla Sürəyyanı ehmalca qucağına aldı, bayaqdan onları gözləyən  avtomobilə tərəf apardı.

Onlar yarım saatdan sonra evə çatdılar.Bu üçmərtəbəli, böyük ölçülü, möhtəşəm bir malikanə idi.Sürəyya heç bir zaman belə bir ev görməmişdi.Baş verənlərin real olduğuna inana bilmirdi.Sanki hələ də şirin yuxu görürdü.Bu vaxt iki qulluqçu gəlib Sürəyyanı içəri apardı

Malikanənin baxçasında hələ gül, çiçək yox idi.Lakin məlum idi ki, yazda bura cənnət baxçasına dönəcək.Malikənin içərisi böyük və möhtəşəm idi.Odunların çırtıldayaraq yandığı buxarının yanında gözəl geyimli, ipəksaçlı, badamgözlü, südtək bəyaz  sifətli bir qadın oturmuşdu.Qulluqçular Sürəyyanı içəri gətirəndə o çaş-baş qalıb soruşdu:

–Ay Allah, kimdir bu? Yazıq qızın halına bax.

Bu zaman Abdulla içəri daxil olub məsələyə aydınlıq gətirdi:

–Mahizər, təlaşlanma.Qızın adı Sürəyyadır.Bu soyuqda karxananın yanında bir küncə qısılıb yatmışdı.Babasını gözləyirmiş, amma babası gəlməyib.Özü də yeriyə bilmir.

Mahizər daha da kədərlənib dedi:

–Sürəyyanı əvvəlcə vanna otağına apapıb yuyundurun, sonra  yataq otağına aparın, paltarını dəyişin, həkim çağırmağı da unutmayın.Tez olun.

Həkim gəldikdə Sürəyya yarıyuxulu vəziyyətdə idi.Babasının adını sayıqlayırdı. Həkim onu müayinə edib, müalicə yazdı.Ertəsi gün Sürəyyanın vəziyyəti daha yaxşı idi.Amma hələ də gözləri  Firuz babanı axtarırdı.Mahizər və Abdulla isə onu sakitləşdirməyə çalışırdılar.

Axşam Abdulla işdən evə döndü.Bu dəfə çox gecikmişdi.Abdulla içəri addımını atan kimi Mahizər onu sual atəşinə tutdu.Abdulla Mahizəri sakitləşdirib, qulağına nə isə pıçıldadı.İndi təlaş və həyəcan öz yerini qəm-qüssəyə buraxmışdı.Mahizər gah Abdullaya, gah da Sürəyyaya baxırdı.O, dərindən ah çəkib sakitcə Sürəyyanın yanında əyləşdi.Onu qucaqlayıb saçından öpdü.Sürəyya nə baş verdiyini anlamayıb soruşdu:

–Xanım, nə baş verib? Babamdan xəbər var?

Mahizər həyəcandan özünü itirdi və qəfil dedi:

–Qızım, baban vəfat edib.

Sürəyyanın bədəni buz tutdu.Gözlərini bir nöqtəyə cəmləyib fikrə daldı.İsti göz yaşları süzülüb soyuq əlləri ilə qovuşdu.Sürəyya "Baba!",- deyib huşunu itirdi. Bir-neçə dəqiqədən sonra oyandı.Elə bil bir parçasını ondan qoparmışdılar.Mahizər onu sinəsinə sıxıb dedi:

–Sürəyya, bilirik ki, həyat sənə kiçik yaşda böyük zərbələr vurub.Əvvəlcə valideynlərini, indi isə babanı itirmisən.Lakin o günlər artıq geridə qalıb.Söz veririk ki, bundan sonra sənin həm mənəvi, həm maddi bütün ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni edəcəyik.Nə yaxşı ki, varsan, mənim gözəl qızım.

Sürəyya sadəcə gülümsədi.Ancaq bu Mahizər və Abdulla üçün çox şey ifadə edirdi.

Sürəyyaya xüsusi müəllim tutuldu.Ona müxtəlif elmlər öyrədildi.Onun ayaqları müalicə edildi.Artıq o, yeriyə bilirdi, gəzib-dolaşa bilirdi.O, xalçaçılıqla məşğul olmağa da davam etdi.İndi onun alovtək qırmızı qönçələri də şən və xoşbəxt idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi