Mədəni İrsə Səyahət: Qız qalası, Şirvanşahlar Sarayı və Miniatür Kitab Muzeyi

Mayın 25 – də məktəbin məktəbin riyaziyyat müəllimi Rəna Ağamirovanın təşkilatçılığı ilə 6c sinif şagirdləri üçün maarifləndirici ekskursiya təşkil olundu. Səfər çərçivəsində Bakı şəhərinin ən dəyərli tarixi və mədəni obyektləri – Qız qalası, Şirvanşahlar Sarayı və Miniatür Kitab Muzeyi ziyarət edildi. Qız qalası Azərbaycanın qədim memarlıq nümunələrindən biridir və onun sirli tarixi müxtəlif əfsanələrlə zəngindir. Bu qala Bakı şəhərinin simvollarından biri kimi UNESCO-nun Dünya İrsi Siyahısına daxildir.
Ekskursiyanın növbəti dayanacağı Şirvanşahlar Sarayı idi. Bu saray kompleksi XV əsrə aid olub, Şirvanşahlar dövlətinin iqamətgahı kimi fəaliyyət göstərmişdir. Saray ərazisində məscid, türbə, hamam və türbə kimi müxtəlif tarixi tikililər yerləşir. Səfər zamanı şagirdlər qədim memarlıq üslubları və saray həyatı ilə yaxından tanış oldular.
Daha sonra Miniatür Kitab Muzeyinə baş çəkildi. Bu muzey dünyada ən kiçik kitabların sərgiləndiyi unikal məkandır. Muzeyin kolleksiyasında dünyanın 70-dən çox ölkəsindən gətirilmiş miniatür kitablar yer alır. Ziyarət zamanı uşaqlar həm oxumağa maraq göstərdi, həm də kitabın bədii və estetik tərəflərini dəyərləndirməyi öyrəndi. Bu cür səfərlər məktəbdə öyrənilən bilikləri təcrübə ilə möhkəmləndirir. Tarixi məkanların canlı şəkildə müşahidəsi şagirdlərdə milli irsə və mədəniyyətə hörmət hissini gücləndirir. Ekskursiya şagirdlərin dünyagörüşünün formalaşmasında və vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.