Yaşıl dünya naminə həmrəy olaq
Oktyabrın 9 – da məktəbin informatika müəllimi Sahilə Muradovanın təşkilatçılığı ilə 7a sinfində 2024 – cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” olması və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29 – cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar “Yaşıl dünya naminə həmrəy olaq” devizi altında dəyirmi masa keçirildi.
Dəyirm masada məktəbin informatika müəllimi Sahilə Muradova COP29 haqqında şagirdlərə ətraflı məlumat verdi. Bu tədbirin ölkəmiz üçün mühüm əhəmiyyətindən danışdı. Belə ki, Azərbaycanın 2030 – cu ilə qədər sosial iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit” və “Yaşıl artım” ölkəsi kimi müəyyən edildiyini söylədi. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılması barədə sagirdləri məlumatlandırdı.
Məktəb rəhbəliyi ölkəmizdə ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində atılan addımlar - günəş, külək enerjisinin əldə olunması sahəsində həyata keçirilən layihələr, işğaldan azad edilmiş ərazilərin, həmçinin Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi planetimizin qorunması istiqamətində aparılan dövlət siyasətinin bariz nümunəsi olduğunu vurğuladı. Sevinc Musayeva keçirilən maarifləndirici tədbirlərin iqlim dəyişikliyinin təsirlərini azaltmağa, enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, tullantıların azaldılmasına təsir edəcəyini əminliklə bildirdi.