“Düşünən şagird” müsabiqəsi
Fevralın 23 – də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mükafatlandırılma mərasimində çıxış edən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Mehriban Vəliyeva müsabiqədə qalib gələn bütün iştirakçıları təbrik edib. Mütaliənin faydalarından bəhs edən Mehriban Vəliyeva cəmiyyətə sağlam şəkildə adaptasiya olmağın, sosial münasibətlərdə uğur qazanmağın, qərar qəbuletmə və dinləmə bacarığının inkişafının məhz kitablardan keçdiyini diqqətə çatdırıb.
Mehriban Vəliyeva şagirdləri mütaliəyə həvəsləndirmək istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini söyləyib. Bildirib ki, təhsilalanların mütaliə vərdişlərini təkmilləşdirmək, oxu, yazı və təxəyyül bacarıqlarını inkişaf etdirmək, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsini artırmaq, istedadlı şagirdləri vaxtında üzə çıxarmaq və onlara dəstək olmaq baxımından “Düşünən şagird” müsabiqəsi mühüm əhəmiyyətə malikdir.
Məktəbin 9ç sinif şagirdi Yunis Abbasov müsabiqədə fəal iştiraklarına görə Təşəkkürnamə ilə təltif olunub.
Məktəbin şagirdini təbrik edir, təhsil uğurları arzu edirik!