1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür
Noyabrın 30 – da məktəb rəhbərliyinin, məktəbin tibb bacısı Yeganə Daşdəmirovanın iştirakı, məktəbin biologiya müəllimi Nəzakət Məmmədlinin 8b sinif şagirdləri ilə “1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür” adlı dəyirmi masa keçirildi.
Fənn müəllimi Nəzakət Məmmədlinin hər il dekabrın 1 – i tarixinin dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edildiyini, İİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olduğunu iştirakçıların diqqətinə çatdırdı. Həmin gün hər yerdə QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunan infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışdı.
Şagirdlər hazırladıqları divar qəzetlərindəki, təqdimatlardakı məlumatları paylaşdılar. Onlar bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəlikləridən birinə çevrilən QİÇS – lə mübarizə gününün yaranma tarixindən danışdılar, həmin günün qeyd olunmasında dünya ölkələrinin problemə qarşı mübarizədə bir araya gəlmək olduğunu vurğuladılar.
Məktəbin tibb bacısı Yeganə Daşdəmirova öz çıxışında artıq dünyada QİÇS – dən vəfat edənlərin sayının milyonlarla ölçüldüyünü söylədi. Azərbaycanda isə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlandığını və hazırda Azərbaycanda virusun yayılma surətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da təhlükənin davam etdiyini qeyd etdi. Eyni zamanda onu da qeyd etdi ki, Azərbaycanda da bu problem aktual olaraq, daim aidiyyəti dövlət qurumlarının nəzarətindədir.