“Dəyərlərimizi qoruyaq” layihəsi
Təhsilalanların milli – mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədi ilə BŞTİ-nin 13.03.2023-cü il tarixli ”Dəyərlərimizi qoruyaq” layihəsinin icrası ilə bağlı tədbirlər planınına müvafiq olaraq aprelin 18 – də məktəbin biologiya müəllimi Siranə Əliyevanın təşkilatçılığı ilə rus bölməsinin 5d sinif şagirdləri Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə və məktəbin ingilis dili müəllimi Sevinc Xudiyevanın təşkilatçılığı ilə 5b sinif şagirdləri ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya etdilər.
Şagirdlər Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən muzeyindəki otaqları, böyük rəsm kolleksiyası, Hacı Zeynalabdin Tağıyevin Fransadan gətirdiyi və üzərində özünün venzeli olan xörək dəsti, gümüş bıçaqlar, büllur qədəhlər və digər şəxsi əşyaları haqqında əldə etdikləri informasiyaları maraqla dinlədilər. Eyni zamanda şagirdlər Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti ilə maraqlı məlumatları orada quraşdırılan panellər və monitordan əldə etdilər.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya zamanı şagirdlər bələdçinin onlara ötürdüyü informasiyalar əsasında muzeyin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanmasında, tədqiqi, elmi fondlarda qorunmasında, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsində müstəsna rol oynadığının şahidi oldular.
Şagirdlər ekskursiyadan xoş təəsüratlarla ayrıldılar.