“Mədəni bitkilərin insan həyatında əhəmiyyəti” mövzusunda Dəyirmi masa

17.05.2018-ci il tarixində biologiya müəllimi Bəsti Alıyeva VIe sinfində “Mədəni bitkilərin insan həyatında əhəmiyyəti” mövzusunda dəyirmi masa təşkil etdi. Dəyirmi masada mədəni bitkilərin insan həyatında çox böyük əhəmiyyətinin olduğu müzakirə edildi. Mədəni bitkilər və onların mənşəyinə aid slaydlar göstərildi, əyani şəkildə mədəniləşdirilən bitki nümunələri şagirdlərə təqdim edildi. Şagirdlər mövzu ətrafında çıxış edərək maraqlı məlumatlar paylaşdılar.
Hüseynova Günel ən qədimdən bəri becərilən dənli bitkilər, xüsusən buğda bitkisi haqqında ətraflı məlumat verdi. Buğda bitkisini insanlar hələ qədimdən becərib, ondan un hazırlayaraq, çörək əldə edirlərmiş. Dənli bitkilər həm də heyvandarlıq da, məhsuldarlığı artırmaq üçün istifadə edilir. Dənli bitkilərə buğda, arpa, çəltik, darı, vələmir, qarğıdalı və s. misal göstərmək olar.
Nuray Musayeva insanlar tərəfindən becərilən mədəni bitkilərin bəzilərinin dekorativ məqsədlə istifadə edildiyini qeyd etdi. Dekorativ bitkilərə arum, kala, xlorofitium, qızılgülün növləri, hibiskus kalanxoe və s. aiddir. Arum və kala bitkilərinin canlı barometr adlanmasını, xlorofitium və nefrolepis qıjısının otağın havasını daha yaxşı təmizləməsini vurğuladı. Mətbəx havasının təmizlənməsində bu bitkilərin faydalı olması haqqında danışdı. Minəxanım Dadaşova mədəni bitkilərin bəzilərinin dərman məqsədilə istifadə edilməsi haqqında ətraflı məlumat verdi. Dərman məqsədilə mədəniləşdirilən bitkilərə aloe, kalanxoe, nanə, zəfəran, balqabaq və s. aiddir. Dərman bitkilərinin müalicəvi xassəsi onların tərkibindəki, fizioloji təsiredici fəal maddələrin (alkaloidlər, qlikoidlər, flavoidlər, vitaminlər, aşı maddələri: kumarinlər, efir yağları və bir sıra turşular, mikroelementlər, fermentlər) olması ilə əlaqədardır. Aloedən mədə-bağırsaq xəstəliklərinin müalicəsində, balqabaq tumundan qurd xəstəliklərinin müalicəsində istifadə olunması haqqında məlumat verdi.
Rahidə Nuriyeva mədəniləşdirilən meyvə və tərəvəz bitkilərinin həyatımızda çox böyük rolunun olduğunu qeyd etdi. Meyvə bitkilərinin tərkibi vitaminlərlə zəngindir. Biz vitaminləri xarici mühitdən hazır şəkildə qəbul etdiyimiz üçün bu bitkilərin əvəzsiz olduğunu vurğuladı. Tərəvəz bitkilərindən olan xiyarın tərkibi su və minerallarla zəngindir. Susuzluğun yatırılmasında ən yaxşı vasitədir.Pomidorun tərkibinin vitaminlərlə zəngin olduğu və xərçəng hüceyrələrinin inkişafını ləngitməsi haqqında məlumat verdi. Dəyirmi masa müzakirə edilən bu mövzudan sonda belə bir nəticəyə gəldik ki, mədəni bitkilər insan həyatında qidalanmanın əsasını təşkil edilir. İnsan gündəlik qida rasionunda bu bitkilərdən mütləq istifadə etməlidir ki, vitaminlərə, minerallara, flavoidlərə, alkaloidlərə və s. təlabatını ödəyə bilsin.
Sonda otaq bitkisinə düzgün qulluq qaydası haqqında Aydan Əsgərova məlumat verdi.