Klassik Azərbaycan şairi – İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "bədii qiraət gecəsi" keçirilib

Aprelin 8-də məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbin kitabxana müdiri Rəhilə Qaxıyevanın təşkilatçılığı ilə "Nəsimi ili" çərçivəsində “Klassik Azərbaycan şairi – İmadəddin Nəsimi” mövzusunda "bədii qiraət gecəsi" keçirilib. Məqsəd özündə milli-mənəvi və ümumbəşəri dəyərləri əks etdirən Nəsimi poeziyasını şagirdlər arasında təbliğ etmək, onları Nəsimi yaradıcılığı ilə tanış etməkdir.Bədii qiraət gecəsində qeyd olunub ki, 2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib. Böyüməkdə olan gənc nəslin yüksək mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyə olunmasında, oxucuların mənən kamilləşməsində Nəsimi irsinin xüsusi əhəmiyyəti olduğu qeyd olunub.