“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Suraxanı rayonunda ağacəkmə aksiyası keçirilib

Fevralın 26-da "Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Bakının Suraxanı rayonundakı "Neftçilər” parkında ağacəkmə aksiyası keçirilib. Suraxanı məktəbliləri arasında 275 nömrəli məktəbin şagirdləri də iştirak etdilər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla Əliyeva aksiyada iştirak edib. Suraxanı rayon gənclərinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyinin nümayəndələrinin iştirak etdikləri aksiyada Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 613 ağac əkilib. Aksiyada 200-dən çox gənc iştirak edib.
"Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir. Kampaniya Xocalı soyqırımının, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır.