2017-2018-ci dərs ili üçün böyük summativ qiymətləndirmə keçirildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumları)” və 13 yanvar 2009-cu il tarixli, 09 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını müəyyən edən, Azərbaycan Respublikası təhsil nazirinin 12 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq edilmiş, Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə təlimata sonuncu dəfə 16 iyun 2016 ci ildə dəyişikliklər edilmişdir.
Həmin təlimata əsasən ölkədə olan ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmə diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (fəaliyyətin qiymətləndirilməsi), summativ (kiçik, böyük və yekun) qiymətləndirmələrdən ibarət olaraq tətbiq edilir.
Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.