Beynəlxalq Muzeylər Günü münasibətilə ekskursiya təşkil olundu

Beynəlxalq Muzeylər Günü — Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.
Məktəbin 8 a sinif şagirdləri ,Azərbaycan dili-ədəbiyyat müəllimi Zərifə Abbasova və sinif müəllimi Gülşən Şahəliyevanın iştirakı ilə ƏDƏBİYYAT MUZEYİNƏ səfər etdilər. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyatı Muzeyi Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir.
Ekspozisiyada nümayiş olunan qədim əlyazmaları, maddi-mədəniyyət nümunələri, rəsm əsərləri, xalçalar, nadir çap kitabları, nəfis miniatürlər, məşhur xəttatların əlyazmaları, numizmatika nümunələri, yazıçıların xatirə əşyaları, sənədli foto-şəkillər, heykəltaraşlıq nümunələri, xəritələr, tətbiqi sənət nümunələri qonaqların diqqətini cəlb edən eksponatlardır. Muzeyin yenilənmiş ekspozisiyasında monitorlar vasitəsilə ziyarətçilər qiymətli audio-video materiallarla – müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlərlə, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri ilə, tanınmış aktyorların ifasında poeziya nümunələri ilə tanış oldular.