"Novruz təravəti" adlı bayram tədbiri keçirildi

Hər il olduğu kimi bu ildə məktəbimizdə xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı keçirildi. İbtidai sinif müəllimlərinin təşkil etdiyi bu tədbirdə novruz adət-ənənələrini iştirakçılara nümayiş etdirdilər. Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazandılar. Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdirdilər, milli adət-ənənələrimizi əks etdirən ayin və mərasimlər canlandırıldı.
Novruz bayramının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayaraq bildiririk ki, qoy baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq gətirsin.