"Ana dili günü" qeyd edildi

Ana dili bizim müqəddəs sərvətimiz, anamızın dilidir. Ana dili ömrümüzə məna verən, onu gözəlləşdirən əxlaq dərsliyidir. Ana dili adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir.
Məktəbin 2 b Sağlam təhsil sinfi "Ana dili günü" nü qeyd etdi. İbtidai sinif müəllimi Mədinə Məmmədova öz çıxışında vurğuladı ki, xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Azərbaycanlıları birləşdirən milli mənsubiyyətimiz, tarixi köklərimiz, milli-mənəvi dəyərlərimiz, milli mədəniyyətimiz, şeirlərimiz, mahnılarımız, incəsənətimiz, xalqımıza mənsub olan adət-ənənələrimizdir. Bütün bunların şagirdlərə məhz ibtidai sinifdən aşılanması missiyası isə olduqca əhəmiyyətlidir. Ana dilimizi gələcək nəsillərə ötürmək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq biz müəllimlərin borcudur. Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.