Şagirdlər Heydər Əliyev Mərkəzinə səfər etdilər

Çoxları Heydər Əliyev Mərkəzinin memarlıq layihəsini ilk dəfə görəndə onun yalnız möcüzə nəticəsində gerçəkləşə biləcəyini düşünürdü. Bu qeyri-adi, mürəkkəb quruluşlu binanın inşası hətta nəzəri cəhətdən reallıqdan uzaq sayılırdı. Mərkəzin 2007-ci ildə inşasına başlanılmış binası 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir. Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir.
275 nömrəli məktəbin 7 d sinif şagirdləri və ingilis dili müəllimi Günay Camalova mərkəzi ziyarət etdilər. Burda toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırıldı. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər unikal eksponatlar təqdim olundu.