İlk dərslər "Milli bayrağımız qürurumuzdur" mövzusunda keçirildi

Ulu öndər Heydər Əliyev: "Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun." Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin bir sözlə onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacaq addımları müəyyənləşdirir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Azərbaycanın gələcəyini yetişdirən müəllimlər məhz ibtidai sinifdən şagirdlərdə vətənpərvərlik ruhunu aşılayır. 275 saylı məktəbdə ilk dərslər "Milli bayrağımız qürurumuzdur" mövzusunda keçirildi. Həmçinin məktəbə yenicə qədəm qoyan məktəbəhazırlıq qrupları da fəal iştirak etdilər. Şagirdlər bayrağımızın tarixi haqqında geniş məlumatlar verdilər.