Şagirdlərin muzeylərə ekskursiyaları təşkil olundu

Şagirdlərin mütaliə mədəniyyətinin formalaşdırılmasında və Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu əvəzsizdir. Bugün məktəbin 7 d sinif şagirdləri Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti və professor Bülbülün Memorial Muzeyini ziyarət etdilər. Muzeyin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Bu mənzildə Bülbül 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaratmışdır. Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmışdır. Şagirdlər onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyaları ilə tanış oldular. Bundan başqa şagirdlər tanınmış Azərbaycan ədibi Məmməd Səid Ordubadi, görkəmli dirijor və bəstəkar Niyazinin mənzil muzeyi, dahi Azərbaycan şairi, görkəmli dramaturq, alim, ictimai xadim Səməd Vurğunun ev muzeyində də oldular. Bu gün dövlət tərəfindən muzeylərə göstərilən diqqət və qayğı bizi sevindirir. Bu qayğı ölkəmizdə muzeylərin inkişaf dinamikasında, onların sayının artmasında da özünü göstərir.