Narkomaniyaya yox deyək!

Uşaqların ən çox məktəb həyatında formalaşdıqları hər kəsə məlumdur. Məhz məktəb həyatında sabahın vətəndaşları gələcəkdə cəmiyyətdə hansı yola üz tutacaqlarını müəyyənləşdirirlər. Çünki evdəki mikromühitdən fərqli olaraq, burdakı məktəb həyatı daha geniş insan çevrəsini əhatə edir.
Əksər vaxtlarda narkotik alverçiləri, məhz məktəbliləri hədəf olaraq seçirlər. Çünki hələ gözləri həyata təzəcə açılan, yaxşı ilə pisi bir-birindən hələ ayırd edə bilməyən yeniyetmə və gənclər, narkotik alverçilərinin toruna asanlıqla düşə bilirlər. Çox təəssüf ki, son vaxtlar məktəblilər arasında narkomaniyaya olan marağın artması narkotik alverçilərinin məktəb həyətlərinə “yol açmaları”na səbəb olur. Məktəb-valideyn əlaqələrinin olmaması, yenicə həyata atılan uşaq və yeniyetmələri kompassız gəmi kimi həyatın burulğanına aparır. Elə bir burulğana ki, oradan qayıdış möcüzəyə bağlıdır, yaxud çox vaxt heç mümkün də deyil.
Bu bəladan qurtulmağın müxtəlif yolları vardır. Ancaq məqsəd bu xəstəliyə, bu bəlaya, “ağ ölümə” yoluxmadan qarşısını almaqdır. Burada cəmiyyət olaraq hər kəsin sosial vəzifəsi vardır. Gənclərimizi, uşaqlarımızı, bu bəladan uzaq tutmaq, onlarla söhbətlər aparmaq, “ağ ölüm”ün fəsadlarından danışmaq və bu qəbildən müəyyən tədbirlər görmək lazımdır. Əksər mütəxəssislər düşünürlər ki, uşaqlarımızı sərbəst buraxmaqla yanaşı, həm də onların asudə vaxtlarının fəaliyyəti istiqamətində müəyyən fakultativ məsləhətlər vermək daha məqsədəmüvafiqdir. Gənclərimiz narkomanlığın necə bir bəla olduğunu dərk edərsə, əlbəttə, bu bəladan uzaq durar və ətrafını da “ağ ölüm”dən qorumağa çalışar.
Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 2016-cı ilin birinci yarısında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Şəmkir Rayon Komissiyası tərtib olunmuş iş planına əsasən bir sıra tədbirlər həyata keçirmişdir.