“Sağlam gələcək naminə” adlı tədbir keçirildi

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin , Suraxanı rayonu Ələkbər Eyvazov adına 275 saylı tam orta məktəbin və Suraxanı rayonu polis idarəsinin birgə təşkilatçılığı ilə 14 aprel 2023-cü il tarixində narkomaniya və narkotik vasitələrlə mübarizə mövzusuna həsr olunmuş “Sağlam gələcək naminə” adlı tədbir keçirildi.
Tədbiri məktəbin direktoru Elnur Hüseynov giriş sözü ilə açaraq hər kəsi salamladı və gənclərimizin maarifləndirilməsi məqsədilə bu qəbildən olan layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladı. Ardınca muzeyin elmi əməkdaşı tədbiri davam etdirərək narkomaniya və onun törətdiyi fəsadlar barədə geniş məlumat verdi. Tədbir iştirakçılarına muzey əməkdaşları tərəfindən hazırlanmış videoçarx nümayiş olundu. Həmçinin şagidlərin ifasında “Bəşəriyyətin bəlası” adlı səhnəcik oynanıldı.
Tədbir çərçivəsində Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Könül xanım Axundova, Suraxanı rayon polis idarəsinin xidmət üzrə rəis müavini polis polkovnik leytenantı Surxay Vəliyev, Suraxanı rayon polis idarəsinin yetkin yaşına çatmayanlarla iş üzrə profilaktiki bölməsinin rəisi polis polkovnik leytenantı Əfqan Ağayev, Suraxanı rayon 9 saylı hüquq məsləhətxanasının vəkili, hüquq müdafiəçisi Asif Məmmədov, 275 saylı tam orta məktəbin psixoloqu Aysel Novruzova, məktəbin həkimi Nübar Eminli gənclərin zərərli vərdişlərdən qorunması, sağlam inkişaf etməsi istiqamətində maarifləndirici söhbət apardılar və çıxışlar ətrafında diskussiyalar quruldu.
Auditoriya gənclər, muzey əməkdaşları və media nümayəndələrindən ibarət idi. Sonda xatirə şəkli çəkildi.