Məktəbimizin şagirdləri “Gələcəyin mühəndisi-2” onlayn olimpiadasında II və III yerləri tutublar

Azərbaycan Texniki Universitetində (AzTU) “Gələcəyin mühəndisi-2” onlayn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə mükafatlandırılanlar arasında məktəbimizin XI sinif şagirdləri Lalə Əlizadə və Qulamalı Zeynalabdinov də olub. Belə ki, nəticələrə əsasaən Lalə II yer, Qulamalı isə III yerə layiq görülüb.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əbülfət Əkbərovun da iştirak etdiyi tədbirdə olimpiadanın əhəmiyyətindən danışılıb.
Rektor Vilayət Vəliyev olimpiadada qalib gələn şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, ötən ildən başlayaraq hər il keçirilən olimpiadanın təşkil olunmasında məqsəd şagirdlər arasında mühəndis ixtisasına marağın artırılmasıdır. Rektor qeyd edib ki, olimpiadaya hər il abituriyentlərin marağı daha da artır. Belə ki, bu il “Gələcəyin mühəndisi -2” olimpiadasında Bakıdan və Azərbaycanın digər bölgələrindən I və II ixtisas qrupu üzrə hazırlaşan 275 nəfər XI sinif şagirdi iştirak edib. İştirakçılara fizika və riyaziyyat, kimya və informatika fənlərinin hər biri üzrə 2 sual təqdim olunub. Olimpiadanın nəticələri universitetin müəllimlərindən ibarət işçi qrupu tərəfindən yoxlanılıb. Rektor həmçinin AzTU-da tələbələr üçün yaradılan imkanlardan da söhbət açıb.
Daha sonra qaliblər mükafatlandırılıb. Qaliblərə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunub.