“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası
Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 393 nömrəli Sərəncamı ilə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Təhsil Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planına uyğun olaraq noyabrın 1-də məktəbimizdə 17 saylı Uşaq Poliklinikasının həkimi Həmidə Quliyeva şagird və müəllimlərlə görüşüb. Görüşün əsas məqsədi təhsil müəssisələrində təhsilalanlar arasında dispanserizasiyanın mahiyyətini anlatmaq, əhali arasında xəstəliklərin risk amillərinə dair maarifləndirmə işini həyata keçirməkdir. Görüşdə bildirildi ki, uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir.
Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməli uşaq yaşından qoyulduğunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin müstəsna əhəmiyyət daşıdığı qeyd olunub.
Görüşdə müəllimləri maraqlandıran suallara cavab verildi. Məktəbimizdə bu cür maarifləndirici tədbirlərin mütəmadi təşkili nəzərdə tutulur.