Məktəblilər üçün ekskursiya
Məktəbin 4 ç sinif şagirdlərinin Ulduz Şokolad Fabrikinə ekskursiyası baş tutdu. Bildiyimiz kimi, Ulduz Şokolad Fabrikinin məhsulları böyüklərlə yanaşı uşaqların da rəğbətini illərlə qazanmaqdadır. Fabrik istehsal etdiyi və günü gündən artan çeşidləri və keyfiyyətli məhsulları ilə şokolad sevənlərin sevimli markasına çevrilmişdir. 2001-ci ildən fəaliyyət göstərən, Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş “Ulduz” şokolad fabrikində istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə öz məhsullarını ixrac edən və dadı ilə dillər əzbəri olan şokoladların istehsal prosesi ilə tanış olmaq hər kəsi, eləcə də şagirdləri də maraqlandırır. Fabrikin geniş çeşidli və keyfiyyətli məhsulları hər il Almaniya, Rusiya, Hollandiya, İran və BƏƏ-də keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda “Azərbaycan malı” adı altında layiqincə təmsil edir. "Ulduz" şokolad fabriki Azərbaycanda şokolad və karamellərin kütləvi istehsalı ilə məşğul olan müəssədir. Məhz buna görə Ulduz Şokolad Fabriki illərdir məktəblilər üçün təmənnasız olaraq ekskursiyalar təşkil edir. Ekskursiya zamanı fabrikdə şagirdlərimizə şokoladın tarixi, hazırlanma texnologiyası və fabrik haqqında kiçik film göstərildi. Daha sonra istehsalat sahəsinə daxil olmaq üçün təhlükəsizlik qaydaları barədə uşaqlara ətraflı məlumat verildi. İstahsalat sahəsində təmizlik və gigiyena qaydalarına riayət etməklə böyükdən kiçiyə hər kəs xüsusi geyimlərlə təchiz edildi. Daha sonra fabrikin əməkdaşları ekskursiya iştirakçılarına avadanlıqlar və istehsalat prosesi ilə bağlı ətraflı məlumat verərək hazırlanan məhsullardan yerindəcə dadma şəraiti yaratdılar. Sonda ekskursiya iştirakçılarına “Ulduz” şokolad fabrikinin məhsulları hədiyyə olundu, xatirə şəkli çəkildi. Qeyd edək ki, bu ekskursiyalar 2014-cü ildən bu günə kimi şagird və müəllim qrupu üçün təşkil olunur.