Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır
Məktəbimizdə 08.10.2019-cu il tarixində “Narkomaniyaya yox deyək!” mövzusunda böyük tədbir keçirilmişdir. Tədbirdə Xətai Rayon Polis İdarəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı İdris Məhərrəmov, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inspektoru polis mayoru Fərid Əhədov, Xətai Veteranlar Şurasının sədri Nazim Xıdırov və Bakı Şəhər Narkoloji Dispanserin həkimi Vəfa Əliyeva iştirak etmişdir.
Məktəbin direktoru Qarat Qaratov qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, əsrin bəlası olan narkomaniya problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur. Son illərdə dünyada narkotiklərə nəzarət, narkomaniya ilə mübarizə istiqamətində bir sıra ciddi tədbirlər görüldüyünü deyən Qarat müəllim ümumbəşəri bir problemə çevrilən narkomaniyanın fəsadlarından söz açdı. Qeyd edildi ki, narkomaniyaya qurşananlar təhsilə, işə, ailəyə, dostlarına maraqlarını itirir və özlərini cəmiyyətdən təcrid edirlər. Beləliklə də insan həyatı zəhərlənir. Buna görə də ümumbəşəri problemin profilaktikası sahəsində Azərbaycanda da bir sıra məqsədyönlü proqramlar həyata keçirilir. Q.Qaratov narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri kimi maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin və buna məhz təhsil müəssisələrində daha geniş yer verilməsinin vacibliyini vurğuladı.
Tədbirdə çıxış edən Xətai Rayon Polis İdarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi polkovnik-leytenant İdris Məhərrəmov bildirdi ki, ölkədə narkotik vastələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və dövlət proqramları qəbul olunub və həyata keçirilir. Bununla yanaşı respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəxalq əməkdaşlığın genişləndirilməsinə böyük diqqət yetirilir. Bu sahədə işlərin daha da gücləndiirlməsi məqsədilə rayon icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq idarə, müəssisə, təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında bu istiqamətdə maarifləndirmə işləri aparılıb, bukletlər paylanılıb.
Məktəbin direktoru Qarat Qaratov və qonaqlar yuxarı sinif şagirdlərinə öz tövsiyələrini vermişlər. Zərərli vərdişlərdən çəkinmək, siqaret və alkoqollu içkilərin, narkotik maddələrin insan orqanizmində törətdiyi fəsadlar, xəstəliklər, onlardan qorunmaq yolları haqqında geniş söhbət aparmışlar. Şagirdlərlə səmimi şəkildə münasibət qurularaq onlarla fikir mübadiləsi aparıldı. Tədbirin keçirilməsində əsas məqsəd ölkədə narkomaniyaya qarşı birgə mübarizəni gücləndirmək və bu sahədə maarifləndirmə işinin artırılmasıdır. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizə aparmaq üçün cəmiyyətin bütün üzvlərinin bu işə qoşulması, zəif iradəli uşaqlar, gənclər arasında söhbətlərin aparılması nəzərdə tutulmuşdur.