Yeni tədris ilinə ilk addımlar
Bu gün respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi məktəbimizdə də “Bilik günü” yüksək coşğu ilə qeyd olundu. Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Qeyd edək ki, “Bilik günü”nə ictimaiyyət nümayəndələri, məktəbizin ötən tədris ilində yüksək nəticə göstərən məzunları və qəbul imtahanında fərqlənən məzunlarımız, məktəbimizin adını daşıdığı şəhid Ədalət Abbasovun ailə üzvləri, Aprel döyüşlərində qəhrəmancasına şəhid olan zabit Rusif Ağayevin həyat yoldaşı və onun döyüş yoldaşları, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Səkinə Ağalarova, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri dəvət olunmuşdu.
Giriş sözü ilə tədbiri açıq elan edən məktəbin direktoru Qarat Qaratov bu gün münasibətilə məktəbin şagird və pedaqoji kollektivini təbrik etdi, hər birinə bol enerji, öyrənmək həvəsi və bunların məntiqi nəticəsi olan nailiyyətlər arzu etdi.Həmçinin qeyd etdi ki, “Ümumtəhsil sahəsində 2019-2020-ci dərs ilinin prioritet istiqamətləri ” barədə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən dərs ilində ilk dərslər I-IV siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaqdır. Tədris ili ərzində hər həftənin 1-ci günü 1-ci dərslərdə şagirdlər və müəllimlər tərəfindən Dövlət himni ifa edilməlidir.
Daha sonra tədbiri birincilərin şeir çələngi davam etdirdi.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Xəlilova təbrik nitqində qeyd etdi ki, bu il məktəbimizin birinci siniflərinə 300-dən çox şagird qəbul olunmuşdur.
Tədbirdən sonra məktəbin birinci sinif şagirdlərinin müəllimlərlə görüşləri təşkil edildi, sinif otaqları, dərs cədvəli ilə tanış olmaları, siniflərin növbəliliyi barədə məlumatlandırılması təmin edildi.