Şagirdimiz birincilər sırasında
12 iyun tarixində Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin direktoru Valeh Mirzəliyev, “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, İdarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, valideynlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb.
R.Tağıyev cari tədris ilində BŞTİ-nin tabeliyində olan məktəblərdə təhsil alan şagirdlərin yerli və beynəlxalq olimpiadalardakı uğurlarının kifayət qədər yüksəldiyini söyləyib.Bu uğurların ən yaddaqalanı isə məktəbimizin şagirdi Fidan Qarayevanın Beynəlxalq Riyaziyyat Olimpiadasında çıxışı olub. Çıxışı zamanı BŞTİ-nin müdiri bilik yarışının qaliblərini təbrik edib, olimpiadanın istedadlı məktəblilərin formalaşdırılmasındakı müstəsna rolundan danışıb.
IV Məntiq Olimpiadasının final mərhələsində 1577 şagirdin iştirak etdiyini deyən İdarə müdiri onlardan 44 nəfərin 17 baldan yuxarı nəticə göstərərək olimpiadanın qalibi olduğunu, 349 nəfərin isə 12 baldan 17 baladək toplayaraq “Tərifnamə”yə layiq görüldüyünü bildirib.
Olimpiadada 12 nəfər I, 15 nəfər II, 17 nəfər isə III yerin sahibi olub.
Birinci yeri qazanan şagirdlər arasında məktəbimizin 6 E sinif şagirdi Məmmədova Günel Hamlet qızı da var . Şagirdimizə uğurlar arzulayır, ona növbəti yarışlarda da bu uğurunu davam etdirməyi arzulayırıq.