Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüş
Bu il mart ayının 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi qeyd olundu. Bu münasibətlə məktəbimizdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə şagirdlərin görüşü təşkil olundu
Tədbirdə qeyd olundu ki, bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
Diqqətə çatdırılıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur. Təhlükəsizlik orqanlarının hərbi qulluqçuları 22 ildir bu günü peşə bayramı kimi yüksək səviyyədə qeyd edirlər. Xüsusi xidmət orqanlarının əməkdaşları xalqa və dövlətə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetiriblər.
Eyni zamanda tədbirdə ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ümummilli Liderin həmin illərdə təhlükəsizlik sistemində əsaslı dönüş yaratdığı, milliləşdirmə siyasətinin əsasını qoyduğu və bu məqsədə nail olduğu diqqətə çatdırıldı. Ulu Öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynayıb.
Tədbirdə şagirdlərə öz tövsiyələrini verən əməkdaşlar onları maraqlandıran sualları cavablandırdılar.