YÜKSƏK BAL TOPLAYARAQ TƏLƏBƏ ADINI QAZANMIŞ MƏZUNLARLA GÖRÜŞ
Xətai rayonunda yüksək bal toplayıb tələbə adını qazanmış məzunlarla görüş keçirildi. Хətаi Rayon İcra Hakimiyyəti rayonun orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirərək, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayıb tələbə adını qazanmış məzunlarla görüş keçirdi. Rayon rəhbərliyi, 650 baldan yüksək nəticə göstərmiş məzunlar, onların valideynləri və orta ümumtəhsil məktəblərinin müəllimləri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gəlib ulu öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoydular. İcra hakimiyyəti aparatının akt zalında davam edən görüşü Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, gənclərimizin yüksək ali təhsil alması müstəqil Azərbaycanın tərəqqi və inkişafının davamlı olmasına zəmanətdir. “Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dönəmlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bu strateji xətt son 15 ildə Prezidenti İlham Əliyev tərəfindən daha böyük uğurla davam etdirilir. Ölkəmizdə son 12 ildə 3500-dən yuxarı müasir məktəb binasının tikintisi və tam əsaslı təmiri buna əyani sübutdur”.
Razim Məmmədov qeyd etdi ki, bütün regionlarda olduğu kimi, Xətai rayonunda da təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi tədris ilinin yekununda yüksək nəticələrin əldə edilməsinə zəmin yaratmışdır.
Ötən tədris ilində rayon üzrə orta təhsili başa vuran 2457-i məzundan 12-si qızıl medala layiq görülmüşdür. Bunlardan biri də bizim məzunumuz \isamyılova Günel Vüqar qızıdır.Ali məktəblərə sənəd vermiş 2167 məzundan 1686-sı uğurlu nəticə göstərərək tələbə adı qazanmışdır.
İcra başçısı çıxışında qəbulda yüksək nəticə göstərən orta ümumtəhsil məktəblərinin adlarını da xüsusi qeyd etdi və bildirdi ki, Xətai rayonu tələbə qəbulunda ötən ilkindən 3,4 faiz çox - 77,8 faiz nəticə göstərərək yenə də respublika üzrə birincilər sırasına çıxmışdır. Bu göstəricələr məzunlarımızla yanaşı, müəllimlərimizin də böyük zəhmət sərf etdiyindən xəbər verir.
Toplantıda Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, Milli Məclisinin deputatı YAP Xətai Rayon təşkilatının sədri Hüseynbala Mirələmov, rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, "Zəkalar" liseyinin direktoru Aygün Əhmədli, H.Əliyev adına liseyin direktoru Sevinc Orucova, 147 saylı Texniki -Humanitar liseyin direktoru Arif Əsədov, valideynlər çıxış edərək bildirdilər ki, bu gün, məktəblilərin qarşısında duran ən vacib məsələ orta məktəbdə yüksək nəticələr göstərmək, elmi biliklərin əsaslarına dərindən yiyələnmək və yüksək bal toplamaqla ali məktəblərə qəbul olmaqdır.
Sonda Xətai rayon İcra Hakimiyyəti adından 650 və ondan yüksək bal toplayıb tələbə adını qazanmış məzunlara və yüksək nəticələrin əldə edilməsində xidməti olan məktəblərin rəhbərlərinə, həmçinin, qarşıdan gələn Müəllimlər günü münasibətilə rayonun ictimai həyatında fəallığı ilə fərqlənən müəllimlərə qiymətli hədiyyələr, mükafatlar və fəxri fərmanlar təqdim olundu.Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Yeganə Fərman qızı da fəxri fərmanla mükafatlandırılanlar sırasında idi.