AXC-nin 100 illiyi ilə əlaqədar məktəbdə icra olunan tədbirlərə aid hesabat
Bakı şəhəri Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər, mühazirə, konfrans, seminar və “Dəyirmi masa”lar keçirilib.Tədbirlərdə müxtəlif idarə və təşkilatların nümayəndələri, müəllimlər, şagirdlər və valideynlərdə iştirak ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə AXC-nin tarixindən, keçdiyi inkişaf yolundan, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələrdən söhbət açılıb. Qeyd olunub ki, 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı uğurla yerinə yetirib.
Tədbirdə çıxış edənlər müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə irqi, milli, dini, sinfi bərabərsizliyin ləğv edildiyini, bütün vətəndaşların hüquq azadlığının təmin olunduğunu, qadınlara kişilərlə bərabər seçki hüququ verildiyini, ölkənin sərhədlərinin müəyyənləşdirildiyini, dövlət bayrağının qəbul olunduğunu, himn və gerbin hazırlandığını diqqətə çatdırıblar.
"Bir kərə yüksələn bayraq bir daha enməz!" adlı tədbirdə şagirdlər AXC-nin 100 illik yubileyinə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Bundan əlavə, AXC-nin fəaliyyəti və həyata keçirdiyi tədbirlərdən, dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx və filmlər göstərilib, təqdimat müsabiqələri və tarix müəllimlərinin mühazirələri təşkil olunub. Həmçinin, şagirdlərin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Məktəbdə bütün fənlər üzrə dərslərin bir mövzusu Cümhuriyyətin 100 illiyinə həsr olunub.
May ayının sonunda AXC-nin 100 illiyinə həsr olunmuş tədbirlərlə bağlı məktəb rəhbərliyinin hesabatı dinlənilib , keçirilən müsabiqələrdə fərqlənən şagird və müəllimlər rəğbətləndirilib.