Hüquqlarımızı tanıyaq

29 may 2018-ci il tarixində məktəbimizdə ibtidai sinif müəllimi Maral Əliyevanın təşkilatçılığı ilə 2 Ç sinfi ilə birgə İnsan Hüquqları Aylığı çərçivəsində “İnsan hüquqları və hüquq bərabərliyi“ mövzusunda tədbir keçirilib. Məktəb rəhbərliyinin, müəllim, şagird və valideynlərin qatıldığı həmin tədbirdə şagirdlər tamaşaçıları 15 iyun – Milli Qurtuluş Günü və 18 iyun – İnsan Hüquqları Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” nın təsdiq edildiyini və Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun tarixinin ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd olunduğunu bildiriblər. Bununla əlaqədar hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları Aylığı çərçivəsində respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlərin və müzakirələrin təşkil olunduğu vurğulanıb.
Tədbirdə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, ölkə Prezidentinin, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük diqqətindən söz açılaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışılmış, digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyi, bu sahədə genişmiqyaslı işlərin görüldüyü haqqında məlumat verilib.
Məktəb rəhbərliyi və digər tədbir iştirakçıları insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsindəki səmərəli fəaliyyətinə görə ölkə rəhbərliyinə və Ombudsmana təşəkkürlərini bildirmişlər.