Qalibimiz-Ülvimiz

   Martın 9-da Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, İSTƏK liseyinin direktoru Samir Şəmiyev, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər, şagirdlər və KİV nümayəndələri iştirak etdilər. 20 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə öncə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb. Təhsil nazirinin müavini Firudin Qurbanov bilik yarışının qaliblərini təbrik edib, olimpiadanın istedadlı məktəblilərin formalaşdırılmasındakı müstəsna rolundan danışıb.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək, məktəblilər arasında məntiqə olan marağı artırmaq istiqamətində müvafiq addımlar atıldığını bildirib. II Məntiq Olimpiadasının final mərhələsində 1859 şagirdin iştirak etdiyini deyən İdarə müdiri onlardan 59 nəfərin finalda 80 faiz həddi keçərək mükafatçılar siyahısına düşdüyünü, 842 şagirdin isə 50-80 faiz arasında nəticə göstərərək olimpiadanın final turunda fəal iştirakına görə sertifikata layiq görüldüyünü qeyd edib.

İSTƏK liseyinin direktoru Samir Şəmiyev Məntiq Olimpiadasının Azərbaycanda məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdlərin istedadlarının erkən yaşlarda aşkarlanması və onların dünya olimpiadalarında ölkəmizi layiqincə təmsil etməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edək ki, məktəbimizin 6 C sinif şagirdi Rəcəbov Ülvi Aydın oğlu da mükafatçılar siyahısındadır. Mükafatlandırma mərasimində Ülvi ilə yanaşı məktəbimizin direktoru Qarat Qaratov, Ülvinin valideyni, sinif rəhbəri Rəna İbrahimova və riyaziyyat müəllimi Leyla Quliyeva iştirak ediblər. Sonda olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Onu da qeyd edək ki, şagirdimizin əldə etdiyi uğurlar təkcə bununla bitmir. O, fənn müsabiqələrinin yekun mərhələsində informatika fənni üzrə birincilik əldə etmişdir.

Əziz şagirdimizə uğurlarının davamlı olmasını və uğurlarla bizi sevindirməsini arzu edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi