Şəhidlər ölməz, Vətən bölünməz

Hər il ənənəvi olaraq 20 Yanvar şəhidlərinin unudulmaz xatirəsi respublikamızın hər yerində anılır.Bütün müəssisələrdə 20 Yanvar hadisəsi ilə bağlı müxtəlif məzmunlu silsilə tədbirlər keçirilir.
Məktəbimizdə də 20 Yanvar faciəsi ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Belə tədbirlərdən biri də məktəbin tarix müəllimi İlham Kərimlinin rəhbərliyi ilə keçirilən “dəyirmi masa” idi. “Dəyirmi masa”da şagirdlərə faciə ilə bağlı ətraflı məlumat verildi və diskussiya aparıldı. Bildirildi ki, Sovet ordusunun qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. 20 Yanvar hadisəsi xalqımızın qəhrəmanlıq tarixinə ayrıca bir səhifə kimi yazılmışdır.